Vətəndaşların “azad və hasarsız çimərlik” arzusu – Qurumlar hasarları tikən şəxslərlə bacarmırlar

13:52 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsti yay günlərində asudə vaxt keçirməyin ən yaxşı yolu dənizə getməkdir. Bu gün çimərliklərə üz tutan vətəndaşlar yaranmış mənzərədən şikayətçidirlər. Hər biri ilə ayrı-ayrılıqda söhbət aparsaq da dərdləri birdir. Deyirlər ki, “dar çərçivədə, 5-6 çimərliyin ümidinə qalmışıq.

Allah bizə bu boyda dəniz verib, biz də ona hasardan baxırıq”. İndi vətəndaşların cəmi bir istəyi var: işdən məsul olan məmurlar gəlib, araşdırmalarını yerində aparsın, sahilboyu gəzib vəziyyətlə tanış olsunlar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov hafta.az-a açıqlamasında problemin insanlarla yanaşı biloji aləmə də ziyanlarından bəhs etdi. Bildirdi ki, çimərliklərin hasara alınması həm insanlara həm də digər canlılara olduqca mənfi təsir göstərir. Bu hasarlar birbaşa olaraq canlıların miqrasiya etməsinin qarşısını alır:

“Heç olmasa hasarı çəkəndə onu dəmir tellərlə edərdilər. O bioloji olaraq hazırda çəkilən hasarlardan nisbətən yaxşıdır. Hasarların çəkilməsi çox böyük qəbahətdir, canlı aləmin məhv olmasına səbəb olur. Bir də görürük ki, hasarların uzunluğu sahil boyunca 4-5 kilometrə qədər olur”.

Ekspert aidiyyatı qurumların işə qeyri ciddi yanaşmasından şikayətlənib, həlli ilə bağlı bir sıra təkliflər də irəli sürdü:

“Sahil boyu çimərliklərin hasarlanmasının qarşısını almaq üçün Nazirlər Kobineti xüsusi bir komissiya yaratmalıdır. Çünki uzun illərdir aidiyyəti qurumlar bu məsələni kökündən həll edə bilmir. Görünür onlar hasarları tikən şəxslərlə bacarmırlar. Mövzuya ciddi yanaşmaq lazımdır. Çimərlik xalqın, millətindir. Söz azadlığımız olduğu kimi çimərlik azadlığımız da var. Kim gəldi hasarlaya bilməz. Harda görülüb ki sahil hasara alınsın? Müəyyən infrastruktur qurub, pullu çimərlik düzəltməkləri hardasa başa düşüləndir. Ancaq hasar çəkmək yolverilməzdir. Yaxşı olardı ki problem parlament səviyyəsinə qədər qaldırıla və həllinə ciddi adımlar atıla”.

Hafta.az olaraq müvafiq qurumların rəhbərliklərinin mövcud vəziyyəti yerində araşdırmaq, daha doğrusu nazirlər, icra başçılarının sahilboyu gəzərək hasar əsarətinə son qoymaqla bağlı vətəndaşların çağırışlarını elə məsul təşkilatlara da çatdırdıq. Cavablar isə olduqca “maraqlıdır”.

İlk olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq.

Qurum rəsmisi bildirdi ki, hasarlanmış çimərliklərə nazirlik yox, yerli icra orqanları nəzarət edir.

Ardınca isə məsələyə münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsrafil Kərimov söylədi ki, hasarlanan çimərliklərlə bağlı məsələ Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənir. Söküntü işləri ilə də sözügedən qurum məşğul olur.

Təəssüflər olsun, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab ala bilmədik. Hazırda komitədə struktur dəyişikliyi olduğu üçün mətbuat xidmətinə rəhbər də təyin edilməyib.

Rəsmi dairələrin məsələyə münasibətindən belə görünür ki, hələ bu il də vətəndaşların arzuladığı “Azad və hasarsız çimərlik” xülyası gerçək olmayacaq.